Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Leyla Vəkilova

İyul 01, 2010 131 views By: qazax Category: Məşhurlar

Milli balet sənətimizin əfsanəvi və klassik dühalarındandır. Klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilməkdə əvəzolunmaz idi. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik sənətkar olub. İfası həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşğunluğu, hərarətli qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. Səhnədə son dərəcə çevik, hərəkətlərinin plastikası ifadəli və dərin məzmunlu idi, sanki dil açıb danışırdı. Sənətkar yöndaşları diqqət və səmimiyyətinə, hərəkətlərinin psixoloji dərinliyinə, ünsiyyətinin təbiiliyinə və təbii canlanmağına görə Leyla xanımla bir tamaşada oynamağa xüsusi cəhd göstəriblər. Səhnə boyu uzanan, geniş miqyaslı lirik, dramatik və ehtiraslı hərəkətlər toplusundan ibarət mizanları icra etməkdə böyük peşəkar səriştəsi vardı. Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir. Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (“Sonalar gölü”, “Yatmış gözəl” və “Şelkunçik”, Pyotr Çaykovski), Pao Xoa (“Qırmızı lalə”, Reynqard Qlier), Kitri (“Don Kixot” Lüdviq Minkus), Laurensiya (“Laurensiya”, Aleksandr Kreyn), Zarema (“Bağçasaray fəvvarəsi”, Boris Asafyev), Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), Aişə, Sari (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şirin (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Jizel (“Jizel”, Adolf Adan), Malvina (“Qızıl açar”, Boris Zeydman), Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov) partiyalarını ifa edib. Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub. Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Leave a Reply