Qazax Information Center

Yeni WordPress Saytı

Əbdürrəhman ağa Dilbaz oğlu

Dekabr 29, 2010 120 views By: qazax Category: Şairlər və Yazıçılar

Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı – XIX əsrin əvvəlləri)

Dövrünün tanınmış şairlərindən biri olan Əbdürrəhman ağa Dilbaz oğlu Şair Qazax mahalının Xanlıqlar kəndində anadan olmuşdur. Bədxahları Gürcüstan hakimi İrakliyə Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onunla əlbir olduğunu, bəzi siyasi məsələləri həll etmək üçün onların tez-tez görüşdüklərini söyləyirlər. İrakli qəzəblənib şairin gözlərini çıxartdırır.

Əbdürrəhman ağa igid, sözü üzə deyən, düz söz danışmaqdan çəkinməyən, camaat arasında böyük hörmətə malik adam imiş. O, öz yurdu, yurddaşları yolunda can qoymuş, öz problemlərini unudub xalqın problemlərinin həlli ilə məşğul olmuşdur.

Şairin ən məşhur şerlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir.

________________

Yaradıcılığı

Müxəmməsi Cavad xan Ziyadxanova (ixtisarla)

***

Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən,
Ta əbəd ruzi-əzəl bədmehru bədkirdardən,
Çərxi-zalim, dəhri-dun, sahibxəta, biardən
Kim, Yezidin izzətin gör şahi-diləfkardən,
Gör Cavad xan macərasın möhnəti-məkkardən.

***

Böylədir dövran, əzəl insanə al eylər cahan,
Bir zaman xürrəm qılır, bir dəm məlal eylər cahan,
Şah ola, istər gəda, aşüftəhal eylər cahan,
Aqibət bir gün gedər himmət, halal eylər cahan,
Naxudanı qərq edər ol kəştiyi-pürbardən.

***

Hər zaman dövran salıbdır canı canandan cüda,
Adəmi həvvadan ayrı, baği-rizvandan cüda,
Xatəmi saldı fələk cahi-Süleymandan cüda,
Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,
Əskik olmaz zari-bülbül, söhbəti-gül xardən.

***

Şahnamə şərh edən [yox] ol Cavad xan vəsfini,
Mədəni-cudü səxavət, ədli-divan vəsfini,
Bilmiş Əflatun səharin əhli-meydan vəsfini,
Hikməti-Loğmandan artıq dərdə dərman vəsfini,
Bir müxəmməs nəzm ilə inşa qılım əşardən.

***

Gəncə şəhrində Cavad xan kim, nə əyyam var idi,
Sahibi-lütfü ədalət, sadiqül-iqrar idi,
Hər işin felində mahir, aqilu huşyar idi,
Müxtəsər, aləmara pürimtəhan sərdar idi,
Gör nələr çəkdi qəzadən, dövri-bədətvardən.

***

Düşdü davası əzəldən ol Şəki, Şirvan ilə,
İbrahim xan ittifaq oldu ol Ümmə xan ilə,
Gəldi ləşkər üstünə ol cümlə Dağıstan ilə,
Onlar ilə qıldı dava sərbəsər meydan ilə,
Çəkmədi hərgiz zərər bir fitneyi-əğyardən.

***

Bir də ondan sonra gəldi valiyi-Baqratyan,
Yığdı Gürcüstan tamamən ləşkər ta vadiyan,
Neçə illər qıldı dava, çəkmədi ondan ziyan,
Vali köçdü çün fənadan, etdi tərk axır cahan,
Gör nə sadir oldu Gurgin xan kimi əğyardən?!

***

Ol Cavad xan vəsfini necə qələm şərh eyləsin?
Şərhə sığmaz, vəsfi-halın necə dillər söyləsin?
Bir belə sərdarü qazi kim görübdür böyləsin?
Düşdü davası onun kari-qəzadan, neyləsin,
Padşahi-rusi-sahibtac ilən tumardən?

***

Çəkdi bir il ol Cavad xan eylədi cəngü cidal,
Gah sülh etdi arada, gah qıldı rəngi-al,
Gördü kim, olmadı axır, artdı fitnə, qilü qal,
Gəlmədi imdadə, hərçənd eylədi yüz ərzi-hal,
Fətəli şah, sahibi-İran olan xunkardən.

***

Ol Hüseynqulu ağa kim, gəldi xanın yanına,
Layiq idi hər hünərlər şövkətinə, şanına,
İstədi qanın qata ol dəmdə xanın qanına,
Qoymadı xan göndərib, bir qeyri bürc meydanına,
Yəni onun vəhşətin mən görməyim didardən.

***

Qələsin sandı Cavad xan ol zaman viranədən,
Çox çalışdı ta ölüncə dərdinə dərmanədən,
Feyzi-həqdən ta yetincə rəhməti-qüfranədən,
Çıxdı ruhu ol bədəndən, rövzeyi-rizvanədən,
Ey xoşa, buldu şəhadət vahidül-qəhhardən.

***

Həm Hüseynqulu ağa buldu şəhadət novcəvan,
Xəlq ara bu cümlə möhnətdən yaman oldu yaman,
Anası ahlar çəkib, şaxsey deyib eylər fəğan,
Üz tutub ol bargahə əlvida eylər aman:
Binəva düşdüm cüda fərzəndi-gülruxsardən.

***

Gəncəli xalqı şəhadət qıldı həqqa canfəda,
Kimi məzlum, kimi azadə qalıb əndərbəla,
Hər biri bir növ ilə yüz dərdə oldu mübtəla,
Yadına gəlməz məgər məzlumi-dəşti-Kərbəla,
Ey utanmaz çərxi-zalim Əhmədi-Muxtardən?

***

Min iki yüz daxi on səkkizdə tarixi-zaman
Kim, şəhid oldu Cavad xan, çıxdı əzdari-cahan,
Çox pərişan oldu halı Gəncənin həddən yaman,
Gəl yetiş imdadə, ya həq, Mehdiyi-sahibzəman,
İnciməzmi xatirin bu dərdü ahü zardən?!

—————————————–

Mən qəribəm vətənimdə, qazılar,
İtirmişəm ağır ellər, ağlaram.
Könül həsrət qaldı, can intizarda,
Gözlərəm sübhü şam yollar, ağlaram.

***

Həşrə qaldı canda el intizarı,
Görərmola, ya rəb, didar didarı?
Fikr elərəm hər dəm ol aşna, yarı,
Gözlərimdən axar sellər, ağlaram.

***

Eldən ayrı düşdüm, güzarişim yox,
Sığındım mövlaya, qeyri işim yox,
Munisim, qəmxarım, bir yoldaşım yox,
Sərimdə qovğalar, qallar, ağlaram.

***

Könlümüzdən gedib eşqü həvəslər,
Yığılsın bir yerə könlü şikəstlər,
Qohumdan, qardaşdan yad olan kəslər,
Dolanır bağrımda millər, ağlaram.

***

Şair, həqdən gərək insana dövlət,
Getməyə üstündən sayeyi-rifət,
Xudadan gər bizə olmasa şəfqət,
Aylar ilə gülsəm, illər ağlaram.

Leave a Reply