Qazax Information Center

Yeni WordPress Saytı

Abbas ağa Nazir (Qayıbzadə)

Dekabr 29, 2010 125 views By: qazax Category: Şairlər və Yazıçılar

Abbas ağa Nazir (Qayıbzadə – 1849-1919)

Nazir təxəllüslü Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atası, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadədən və məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin nəzdində açılmış məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir.

Şair Abbas ağa Nazir yüzlərlə lirik, satirik şerlərin, vətənpərvərlik ruhunda yazılmış mənzumə və qəzəllərin, rübailərin müəllifidir. Onun poema və tərcümələri inqilabdan əvvəlki ədəbiyyat xadimlərinin diqqətini cəlb etmişdir. O, dahi Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” dastanını ilk dəfə ana dilimizə ustalıqla, orijinala yaxın tərcümə edib. Həmin tərcümə 1908-ci ildə “Qeyrət” mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr edilmişdir. Az sonra əsər nadir tapılan biblioqrafik kitab kimi mağazalardan yoxa çıxmışdır. Şair Abbas ağa Nazir dahi rus yazıçısı Lev Tolstoyla məktublaşmış, onun “İnsana çoxmu torpaq lazımdır?” əsərini nəzmə çəkmişdir.

Firudin bəy Köçərli də Abbas ağa Nazirlə məktublaşmış, onun poeziyasını yüksək qiymətləndirmişdir. Firudin bəy Köçərli 1909-cu ildə Abbas ağa Nazirin altmış illik yubileyi münasibətilə yazdığı məqalədə onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır. “Həqiqi şair… millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qism fədakarlığa və cannisarlığa şövqməd eləsin”.

Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da Qazaxda vəfat etmişdir. Doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunmuşdur. Nazirin vəfatından kədərlənən dövrünün maarif və mədəniyyət xadimləri onun ölümünü ağır itki kimi qiymətləndirərək mətbuat səhifələrində çıxış etmişlər. Görkəmli maarifçi Fərhad Ağazadə də “Ədəbi tədqiq” adlı məqaləsində Abbas ağa Nazir poeziyasından, onun vətənpərvərlik ruhunda yazılmış şerlərindən qürur hissilə söhbət açır. O yazırdı: “Mərhum Abbas ağa qayət dərəcədə Vətəni, yəni Azərbaycanı ürəkdən sevən bir şair idi. Vətən yaylalarının gülü-çiçəyi şairi məftun edir”.

____________

Ah, ey safü paki-xaki Vətən,
Nə gözəlsən, nə yaxşısan, nəsən!
Nə gözəldir sənin çölün-çəmənin,
Dağü-bağın, gül ilə yasəmənin.

****

Çıxart cahi-zəlalətdən, təriqi-həqqə, irşad et,
Həyatın var ta, Nazir, oxu bu fərdi, fəryad et,
Gözün aç, xabi-qəflətdən oyan millət, oyan millət,
Nəzər qıl bircə ətrafa, aman millət, aman millət!

Leave a Reply