Qazax Information Center

Yeni WordPress Saytı

Kazım Ağa Salik

Dekabr 29, 2010 1. 779 views By: qazax Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir.

Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir.

Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini bina etdiribdir və şair, necə ki, fövqdə zikr olundu, haman qəryədə vücuda gəlibdir”.

Kazım ağa 1842-ci ildə vəfat edib. Kazım ağanın Yusif ağa adlı oğlu vardı.

Adım Kazım, vəli Salik ləqəb, şeridə məşhuram
Ki, əvtanım kənari-Kür, şikargahım Qarayazi.
Binayi-bixi-nəxl əslimiz Şəmkiridir, amma
Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi.
Şeyxizadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,
Şıxılı qəryəmizdir, həm bizik ol qəryə ezazi….

***

Ey şahin cilvəlim, şunqar şivəlim,
Durna tək tellərin cığalanıbdır.
Xəstə könlüm onu görəndən bəri
Çıxıb asimana, havalanıbdır.
***
Ey ləbləri nabat, dəhanı püstə,
Çəkər рəsrətini bu dili-xəstə,
Xal deyil görünən ağ sinən üstə,
Bir Quran hərfidir, qaralanıbdır.
***
Demə ki, sevdiyim səni nihandır,
Sənə aşiqliyim xəlqə əyandır,
Deyibsən: busəmin qiyməti candır,
Almaq üçün bir az bahalanıbdır.
***
Çox da məndən kənar gəzmə, ay pəri,
Sənsən könlüm zövqi, dilim əzbəri,
Guşeyi-kuyini bulandan bəri,
Dərdi-bidərmanım dəvalanıbdır.
***
Məclislər zivəri gördüyün Salik,
Xaqani, Ənvəri gördüyün Salik,
Şairlər sərvəri gördüyün Salik–
Gəl gör sənsiz necə gədalanıbdır.

Tuba

Ey Tuba, baxışın yıxdı aləmi,
Xumar gözün yenə qiyamət eylər,
Kəbeyi-kuyini görən kimsənə
Haşa ki, qibləyə ziyarət eylər.
***
Qırqı başlı, topğun, tərlan cilvəli,
Görməmişəm sən tək nazü qəmzəli,
Sərasər yaxası qızıl düyməli,
Baxdıqca üzünə fəxarət eylər.
***
Zahid baxsa zülfi-pərişanına,
Tərk edər məscidi, gələr yanına,
Sidqi-dildən canın qatar canına,
Huriyü qılmana məlamət eylər.
***
Hər kimsə ki, sənə baxarsa gendən,
Bil ki, öyrənibdir o halı məndən,
Özgə təvəqqeyim yox əsla səndən,
Xəstə Salik sənə zarafət eylər.

Leave a Reply