Qazax Information Centre


Qazax və Ağstafa rayonları birləşəcək

Oktyabr 03, 2011 530 baxış By: admin Category: Qazax İnfo Çap Et Çap Et

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihə institutlarına 20-dən çox rayon və şəhər mərkəzinin yeni baş planını hazırlamaq üçün sifariş verib. Artıq bu sifarişlərin bir hissəsi yerinə yetirilib və sənədlər komitəyə təqdim olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər ki, rayonların baş lanının hazırlanması bir neçə layihə qurumları arasında bölüşdürülüb. Bunların arasında Xırdalan, Sumqayıt və Gəncə şəhərləri də var. Rayonlardan 5-nin (Qəbələ, Oğuz, İmişli, Ağstafa və Qazax) baş planını “Azərinşaatlayihə” Dövlət baş Layihə Konstruktor-Texnoloji İnstitutu hazırlayır. Sifariş verilən layihələrin hamısında həm əhalinin artım səviyyəsi, həm də rayon mərkəzlərinin, yerli infrastrukturların sürətli inkişafı əksini tapıb.
“Azərinşaatlayihə” Dövlət baş Layihə Konstruktor-Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Lent.az-a açıqlamasında onlara sifariş edilən 5 rayonun hər birinin baş planı üzərində işlərin yekunlaşdığını deyib. Onun sözlərinə görə, artıq xəritələşdirmə işləri də başa çatdırılıb. Layihələrin tam dəqiqliklə hazırlanması üçün peyk vasitəsi ilə kosmosdan çəkilən şəkillərdən də istifadə olunub.
Yusif Nağıyev deyib ki, Ağstafanın baş planına əsasən, şəhərin qərb hissəsi ilə yanaşı şərq hissəsi daha sürətlə inkişaf etdiriləcək. İlkin mərhələdə şəhərdə fəaliyyət göstərən, lakin istismar müddəti bitmiş müəssisələr kənara köçürüləcək. Sənaye müəssisələri üçün xüsusi ərazilər də ayrılıb. Əhalinin artım tempini nəzərə alaraq yeni yaşayış və turizm mərkəzləri də tikiləcək.
Qazax rayonuna gəlincə, burada həyata keçirilən ən böyük işlərdən biri Qazax-Gürcüstan magistral yolunun şəhərdən kənara çıxarılmasını nəzərdə tutur. Qazax şəhəri ərazisində iri zavodların tikintisi planlaşdırılıb. Layihəyə uyğun olaraq, yaxın gələcəkdə Ağstafa və Qazax rayonları birləşdiriləcək. Hər iki rayonda əhalinin artım səviyyəsi və şəhər iqtisadiyyatının sürətli inkişafı birləşməni reallaşdıracaq əsas amil hesab olunur.
Yusif Nağıyev bildirib ki, layihələrdə yeni tikililərlə yanaşı, sənaye zonası, dəmir və avtomobil yolları tam əhatə olunub. Onun sözlərinə görə, bu ildən reallaşdırılacaq baş planın layihələri müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: agstafa, aksafa, birles, gazak, gelecek, inkisaf, lajiye,

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.