Qazax Information Centre


Dərviş Vəli Xramçaylı

İyun 12, 2011 610 baxış By: admin Category: Şairlər və Yazıçılar Çap Et Çap Et

Vəli Xramçaylı 1955-ci il aprel ayının 27-də Sibirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan təbiəti» jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hal-hazırda «Ocaq» qəzetinin təsisçisi və baş redaktorudur. 80-ci illərdən dövri mətbuatda şeirlərlə çıxış edib. Beş şeir kitabının müəllifidir.
Vəli Xramçaylının son illərdə yazdığı kitablardan biri də «Şairin kitabı»dır. Şair bu kitabda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığın ən gözəl çağlarından yazıb.
Kitabdakı şeirlər Oxucunun qəlbinin dərin tellərinə toxunur. Ələlxüsus kitabdakı vətən həsrəti ilə bağlı şeirlər hər bir insanın vətənini, doğulduğu yerləri xatırlamasına, vətəni haqda dərin düşüncələrə dalmasına səbəb olur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız keçirdiyi günlərdə çəkdiyi əzablar öz əksini tapır.

ŞEİRLƏR

Dərviş Vəli haqq aşığı

Düşdükcə sözün sehrinə,
Ilham sinəmi teyləyər.
Yatdıqca sözün mehrinə,
Sözü sinəmdə əyləyər.

Tanrım yazıb bu yazını,
Nə çoxunu, nə azını.
Yol gedərəm yol uzunu,
Yol məni yoldan eyləyər.

Nə olub, zəmanə uşağı,
Eşit, gözümün işığı.
Dərviş Vəli haqq aşığı,
Haqqdan gələni söyləyər.

Damcı damcı söz könlümə süzülür,
Misra-misra söz sinəmə düzülür.
Söz əlindən yazıq canım üzülür,
Yol ver, əcəl, yol ver, Dərviş Vəliyə.

Əcəl köhlənində gəlir, yoldadı,
yenəmi ilğımı məni aldadır?
Qaymaq havadıdı, bu yaz bal dadır,
Yol ver, əcəl, yol ver, Dərviş Vəliyə.

***

Mən Dərvişəm yer üzündə

Sel-su tək boşalıb dolan,
Yaş quruyub bu gözümdə.
Bu yollara yoldaş olan,
Bir dərvişəm yer üzündə.

Yolum çox uzaqdı, paşam,
Ayağına qəm dolaşan.
Dərə keçib dağlar aşan,
Bir dərvişəm yer üzündə.

Yurdun qəmilə yüklənən,
Elə bu yüklə təklənən.
Üçtelli sazda köklənən,
Bir dərvişəm yer üzündə.

Sazam, sözəm, deyişməyəm,
Amalında dəyişməyən,
Bu dünyaya uyuşmayan,
Bir dərvişəm yer üzündə.

Eh, nə deyim belə ömrə,
Yanıb-yanıb dönüb kömrə,
Gözün aydın, Yunus İmrə,
Bir dərvişəm yer üzündə.

***

Mən dərvişə yiyə durar, söylə, kim?

Bu bədəndə buz bağlayar qanım da,
Dərd sızlayar, qəm çağlayar canımda,
Inan vallah, sən olmasan yanımda,
Mən dərvişə yiyə durar, söylə, kim?

Sənsiz məni dərd budayıb dil açar,
Sinəm üstən söz perikər, söz qaçar.
Sən açmasan bu qapımı, kim açar,
Mən dərvişə yiyə durar, söylə, kim?

Kədər məni haqlayıbdı, nə vaxtdı,
Boran gəlib, can evimdə sazaqdı.
Kim deyər ki, ölüm məndən uzaqdı?
Mən dərvişə yiyə durar, söylə, kim?

Qolunu aç, uğuruna gəlim mən,
Qapını aç, ayağında ölüm mən.
Bu dərdimi söylə kimlə bölüm mən,
Mən dərvişə yiyə durar, söylə, kim?

***

Bir qərib dərvişəm bu yer üzündə

Indi adamları gəl, özün tanı,
Məni anlayanım, duyanım hanı.
Şair sücaətin torpağı, sanı,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə

Kim anlar bu yurdda, torpağı,daşı,
İndi meydan sular, hər nadan, naşı.
Mən elə qəribəm hər addımbaşı,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə

Çoxdandı, bu ömrü yelə vermişəm,
Nə olsun, daşqına selə vermişəm.
Nədə ki, bir kəsə ələ vermişəm,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

Dağın dağ dərdi var mənim sinəmdə,
Dağ çəkib sinəmə neçə sənəm də.
Içimdə kükrəyib daşı senəndə,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

Söz desən, sözünü kəsən deyiləm,
Incəyən deyiləm, küsən deyiləm.
Mən də sizinkiyəm özgə deyiləm,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

***

Xramçayın sahilində

Bu çay mənə körpəlikdən tanışdı,
Pıçıltısı dünənimdən danışdı.
Sinəm üstü körükləndi, alışdı,
Keçən günü keçəidikcə gözümdən.

Səhər tezdən sahilində bitərdim,
Dalğasında gizlənərdim, itərdim.
Sinə gərib dalğasını ötərdim,
Sevinc, fərəh tökülərdi üzümdən.

Ürəyimdə təkcə bu çay yaşardı,
Hər yaz ağzı qəzəblənib daşardı.
Sısqa gördüm, gözüm, könlüm yaşardı,
Dərin yerlər aşağıydı dizimdən.

Qızılqaya karıxmışdı elə bil,
Sınıq körpü sınıxmışdı elə bil.
Buraxmırdı, darıxmışdı, elə bil,
Oxuyurdum hər daşının üzündən.

***

Ürəyim göynəyir, Dədə Ələsgər

Bu kədər qəlbimi didir, dağıdır,
Hissimin, duyğumun kövrək çağıdır.
Qəbrinə əl vuran alçaq yağıdır.
Ürəyim göynəyir, Dədə Ələsgər.

O Göyçədə bir kimsənə qalmadı,
Kim deyər ki, bizə olan olmadı.
Azərbaycan hey bölünən almadı,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Tarix boyu soyuuzdan silindik,
Haqq yolunda biz günahkar bilindik.
Illər boyu içimizdən bölündük,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Çəkə bilməz gözüm yaşı bu dağı,
Qala bilməz nə qarası, nə ağı.
Qismət olmaz yada elin bulağı,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Dağlar özü qarıyacaq bu dərddən,
Göyçə gölüm quruyacaq bu dərddən.
Bəs kim məni qoruyacaq bu dərddən,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

***

Dərviş Vəli

Bil, bilmək istəsən sözün düzünü,
Sən allah, nahqdan üzmə özünü.
Arayıb axtarıb gəzmə özünü,
Sən daha dərvişsən, ay dərviş Vəli.

Gəl elə bilmə ki, bu yol keçilib,
Yüz yol ölçülüb, bir yol biçilib.
Tanrıdan baxtına bu yol seçilib,
Sən daha dərvişsən, ay dərviş Vəli.

Bu nə dövran, nə zəmanə, nə gərdiş,
Ulu Tanrım özü dedi; a dərdiş.
Ya QAZİ ol, YA ŞƏHİD ol, ya dərviş,
Sən daha dərvişsən, ay dərviş Vəli.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Dərviş, Dərviş Vəli Xramçaylı, vəli,

Leave a Reply