Qazax Information Center

Yeni WordPress Saytı

Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax

Aprel 16, 2010 120 views By: qazax Category: Qazax İnfo

İki günə dolu-dolu sığdırılmış yaşam…

Yasemin Bayer

Axşam sərinliyində, dəvət edildiyimiz evin kiçik ormanın kənarındakı bağçasında hovuzdan gələn suyun şırıltısı, göy üzündəki ulduzların parıltısı altında, böyük bir səylə hazırlanmış masada şam edərkən professor Peter Rasselin “The Brain Book” adlı kitabda yazdığı “İnsan beyni 140 milyard hüceyrədən təşkil olunan kiloyarımlıq bir möcüzədir” sözü gəldi ağlıma. Gördüklərimizi, öyrəndiklərimizi, yaşadıqlarımızı və təcrübələrimizi bir yerə yığıb saxlayan beyin. Artıq gördüyümüz hər şeyi qeyd etməyə hazırdı sanırdım beynimiz. Sabah tezdən öncə Koroğlu Qalasına getdik. Komandirdən izin alaraq qalanın təpəsinə çıxıb növbətçi əsgər Ruslanın müşayiəti ilə Qazaxın ucsuz-bucaqsız bərəkətli torpaqlarını seyr etdik. Onlarla birlikdə şəkil çəkdirdik. Oğlumun da yaxınlarda əsgərliyə gedəcəyini düşündükdə, yağan yağışın heç fərqinə varmadan, yoxuş aşağıya qədər yürümüşdük. İnsan çocuqlarını düşündükdə hər şey önəmini itirirmiş, iştə elə bir şey…

Olimpiya Mərkəzində bizi gəzdirən idarəçi, keçən günlərdə Fatih Terim ilə və hətta keçən il “Qalatasaray”ın basketbolçusu Çarlz Qeyns ilə müsahibəni də oxuduğunu söylədikdə, məmnun oldum. Ardından şəhərin mərkəzində Qazaxın yetişdirdiyi on iki ziyalının büstlərinin qoyulduğu Mütəfəkkirlər Parkına getdik: ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilov, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidov, ilk artilleriya generalı Əli ağa Şıxlinski, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev, saz ustası Ədalət Nəsibov, xalq şairi Osman Sarıvəlli, akademik Teymur Bünyadov, xalq yazıçısı Mehdi Hüseyn, xalq yazıçısı İsmayıl Şıxlı, xalq şairi Mirvarid Dilbazi, xalq yazıçısı Yusif Səmədoğlu. Ünlü ziyalıların ikitərəfli, bir-birinə paralel büstlərinin bulunduğu yerdən bir az uzaqda Molla Vəli Vidadi və Molla Pənah Vaqifin heykəlləri yer alır. Bir az o tərəfdə Səməd Vurğunun heykəli.

Ardından bugünədək heç bir yerdə görmədiyimiz son dərəcə möhtəşəm Dədə Qorqud Parkına getdik. Ulu öndər Heydər Əliyevin “Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar 21 fevral 1999-cu ildə imzalamış olduğu sərəncamla Qazaxın şərq tərəfdən girəcəyində Dədə Qorqud Meydanı salınmışdır. Bu park 2005-ci ildə yenidən qurulmuş və 12 boyu əks etdirən kompozisiya yaradılmışdır.

Ramiz Məmmədov tərəfindən yapılan özünəməxsus Dədə Qorqud heykəlinin hündürlüyü 9 metrdir. Boyların hərbirinin məzmununun həm Azərbaycan türkcəsi, həm ingiliscə verilməsi çox ağıllıca düşünülmüş.

Beləliklə, parkı ziyarət edən hər kəsin bu boylar haqqında məlumatlandırılması təmin olunmuş. Bu məlumatların ingiliscəsi də yenə qazaxlı müəllimlər tərəfindən hazırlanmış. Bu gözəl parkların ikisini də yenə Qazax rayon İcra Hakimiyyəti başçısı Rauf Hüseynov 2005-ci ildə iş başına gələr-gəlməz yapdırmışdır. Mütəfəkkirlər Parkında dolaşarkən Hüseyn Arifin sanki illər sonrasında görürmüş kimi yazdığı sətirləri keçdi ağlımdan

Axtar babaları, axtar, Hüseyn,


Bir gün də nəvələr axtarar səni.


Rauf Hüseynov da bu ziyalıların nəvəsi olaraq köklərinə sahib çıxmış və onları Qazaxın mərkəzində hər kəsin gəzib ziyarət edə biləcəyi bir məkanda yaşatmağa davam edir. Onun köklərinə göstərdiyi diqqəti və sayğını alqışlamaq gərək.


Şəhərin mərkəzindən ayrılıb kəklikotu qoxusuyla, qıvrıla-qıvrıla gedən çığırlardan keçərək Göyəzən dağına vardıq. Dağın təpəsinə doğru dırmanarkən, çox əski zamanlardan qalma divarlar gördük. Dağa çıxmaq, dağ havası almaq, ardından cəld hərəkətlərlə aşağıya enmək uzun zamandır yaşamadığımız kefli bir duyğuydu. Oradan Əskipara istiqamətinə gedən yolla Abbasbəyli köyünün yanındakı növbətçidən izin alıb evləri yaxılıb-yıxılmış və bu gün yalnızca xatirələri qalan Qızılhacılı köyünə və onun həmən yanında yüksələn Satılmış dağında sərhəddə növbə çəkən əsgərlərə baxdıq durbinlə. Arxamızda insanı hüznləndirən Qızılhacılı köy qəbiristanlığı. Qızılhacılı köyünün camaatı bu gün də buraya basdırılmaq istəyir. Düşmənə bir güllə məsafəsində olan qəbiristanlıqdan başqa yerə basdırılmaq istəmir. Kaş ki bu acılar yaşanmamış olsaydı, insanlar orada yaşaya bilsəydi…


Yağmur getdikcə güclənir. Birinci Şıxlı köyündən Qırmızı Körpüyə yollandıq. Xram çayının kənarında durub Türkiyəyə gedən traylerlərə və avtomaşınlara baxdıq. Dönüş yolunda Molla Vəli Vidadinin məzarını ziyarət etdik. Sonunda İsmayıl Şıxlının bir zamanlar ata evinin olduğu yerə vardıq. “Ölən dünyam” əsərində adını oxuduğumuz, görüntüsüylə gəmiyə bənzəyən Gəmiqayanın və Kür çayının kənarında burada yaşanmış olanları və yaşana bilər olanları düşünərək yeridik. Cahandar ağanın mal-mülkünün, atının, evinin yerləşdiyi Ağalıq…İkinci Şıxlı köyündə İsmayıl Şıxlının atasının müəllimlik etdiyi, özünün çocuqkən koridorlarında qaçdığı məktəbi ziyarət etdik. Məktəb o vaxtdan bu yana təmir edilmiş, şəklini dəyişdirmişdir, amma məktəbin müdiri bizə məktəbi dolaşdıraraq bilgi verdi. Dönüş yolunda Yuxarı Salahlı köyündə Səməd Vurğun Poeziya Evini də görmə fürsətimiz oldu. Ən son dayanacağımız İsmayıl Şıxlının 1936-cı ildə müəllimlik etdiyi Kosalar köyü oldu. Qurudlu xəngəl hazırlamışdılar, özəlliklə bizlərin bu yeməyi öyrənməsi üçün. Və təbii ki, İsmayıl Şıxlının çalışdığı Kosalar məktəbini görmədən keçə bilməzdik. Gecədən xeyli keçmiş məktəbi ziyarət etdik. Hətta məktəbə bir də “Dəli Kür” romanının Türkiyə türkcəsində yayımlanmış olanını hədiyyə etdik. “İsmayıl Şıxlı məktəbi” yazılmış lövhənin önündə birlikdə şəkil çəkdirdik.


Bir gün içində dünya qədər yer görmüşdük. Ağköynəkdə qonaq qaldığımız evə qayıdanda yenə bağçada oturub çay içdik. Göy üzü tünd lacivərd rəngə bürünmüşdü, yağışın şırıltısı, bizim nəşəli səslərimiz bir-birinə qarışmışdı, hər kəs özünə görə kefikök və rahat idi. Bizim üçün hazırlanmış qonaq otağının səliqə-sahmanı, hərarəti, pəncərələrdən görünən meyvə ağacları ünlü bir rəssamın əlindən çıxmış tablo kimiydi. Qar kimi bəmbəyaz və müşk qoxulu yatağımızda mışıl-mışıl yuxuya daldıq.


Bayramın ikinci günü Aslanbəylidə ziyarətgaha getdikdə, qapıda duran ufacıq boylu, ahıl yaşlı nənə Türkiyədən gəldiyimizi bilincə “Ah, Türkiyədəki yağmurlar, sellər çox zərər verdi. İndi orada adamlar nə təhərdir?” – deyə soruşdu. Bu nənənin Türkiyəyə göstərdiyi diqqət və sevgi bizləri həm sarsıtdı, həm də duyğulandırdı.


Ağstafada Zəlimxan köyündə sevdiyimiz bir dostumuzun doğması olan bir gəncin toyuna dəvət edilmişdik Bakıda bir həftə öncə. Poylu köyünün kənarından keçib, köhnə pivə fabrikinin yanından qıvrılıb toy evinə gəldik.


Bu bölgənin qadınlarının mehriban, sevgi dolu qara gözlərini, güclü, amma təvazökar duruşlarını və qonaqsevər davranışlarını hər an hiss edirdik. Eynilə bölgənin sahib olduğu bərəkətli torpaqların görkəmli yaşılına rəğmən təvazökar olması kimi… Görgülü, bilgili, həyatda çox şeyə sahib olmuş insanların təvazökar olduğu çocuqluğumuzda öyrədilmişdi. Və çocuqluğumuzdan bir təvazökarlıq insanlarda ən sayğı duyduğum xasiyyətlərdən biridir. Hər kəsin öyrənməyi bacarmadığı təvazökarlıq böyük bir ərdəm… Mövlananın sözləri gəldi ağlıma: “Təkəbbür nədir? Özündən xəbərsizlikdir! Günəşdən xəbəri olmayan buz kimi…”


Otağımızın böyük pəncərəsindən gördüyüm alma, heyva və zoğal ağacları onun sözlərini çağırdı: “Dünya bir ağaca bənzər. Biz də bu ağaclardakı yarı kal, yarı dəymiş meyvələr kimiyik”.


Bakıya dönərkən yaddaşımızda toplanan mutlu anlar, tanımaqdan məmnun olduğumuz insanlar, böyük bir incəliklə qonaq edildiyimiz sevgi dolu məkanlar, Qazaxın təvazökar görkəmiylə iki günə dolu-dolu sığdırılmış yaşam…




Leave a Reply