Qazax Information Center

Yeni WordPress Saytı

“Siz əziz Qazaxlılar!…..” (Heydər Əliyev)

Aprel 15, 2010 794 views By: qazax Category: Qazax İnfo

“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”

(Heydər Əliyev)

Ölkəmizin qədim şəhərlərindən biri olan Qazaxda hərtərəfli inkişaf və tərəqqi var…

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial–iqtisadi inkişafı” Dövlət Proqramı Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial–iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Qazaxda da qabarıq şəkildə büruzə verir

Zəngin tarix
Qazax Azərbaycanın ən qədim şəhərlərindən biridir. Çox zəngin bir tarixə məxsus bu şəhərin niyə məhz “Qazax” adlanması ilə bağlı müxtəlif mənbələrdə fərqli məlumatlar var. Ən çox istinad olunan fikir isə belədir ki, “Qazax” adı burada yaşamış Kasal tayfalarının adı ilə əlaqədardır. Qazax haqqında ən dəqiq məlumatlara isə orta əsrlərə aid mənbələrdə rast gəlinir. Tarixi araşdırmalarda göstərilir ki, Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olub. Şəhərin əsası VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd tərəfindən qoyulub. XV əsrin sonlarında bu coğrafi məkanda Qazax sultanlığı yaradılıb. Səfəvilərin dövründə isə bu sultanlıq Qarabağ bəylərbəyliyinə daxil edilib. Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik olublar. Tarixçilərin yazdıqlarına görə, Qazax sultanlığına 3 nəsil rəhbəlik edib. 1–ci nəslə “Qazaxlı”, “Alqazaxlı” deyilən Şıxlinskilər tayfası aiddir. Türk sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazağı geri alarkən “Qazaxlı” tayfasını rəhbərlikdən azad edib, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazağa sultan təyin ediblər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq edib. O vaxtlar Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736–cı ildə Nadir Muğanda özünü şah elan edərkən Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu Nadirin əleyhinə öz etirazını bildirir. Ona görə də Nadir şahlıq taxtına əyləşəndən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmsəddil və Borçalı mahallarını Kaxetiya (gürcü) çarlığına verib. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774–cü ildə Qazax sultanlığına Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər (vəkil) təyin edilib. Bununla da III feodal sülaləsinin hakimiyyəti başlayıb. 1752–ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirilib, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçib. 1801–ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirilib. 1819–cu ildə Qazax sultanlığı ləğv edilərək distansiyaya, 1867–ci il dekabrın 9–da Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Qazax qəzasına çevrilib. 1868–ci ildə çar I Nikolayın fərmanıyla Qazaxa şəhər statusu verilib. 1929–cu ildə isə Qazax qəzası ləğv olunub. 1930–cu il avqustun 8–də Qazax rayonu yaradılıb, 1939–cu il yanvarın 24–də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilib. 1959–cu il dekabrın 4–də Ağstafa rayonu Qazax rayonundan ayrılıb.
Proqram icra olunur, rayon inkişaf edir

Respublikanın digər yerlərində olduğu kimi, “Regionların sosial–iqtisadi inkişaf Dövlət Proqramı”na uyğun olaraq Qazaxda bir çox tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində rayonda ümumi məhsul istehsalının həcmi 58231 manat, adambaşına düşən məhsul istehsalı isə 668 manat olub. Müqayisə üçün deyək ki, 2003–cü ildə isə ÜMİ–nin həcmi 27600 manat, adambaşına düşən məhsul istehsalı isə 327 manat olmuşdu. Beləliklə, son 5 ildə ümumi məhsul istehsalının və adambaşına düşən məhsul istehsalının həcmi 2,1 dəfə artıb. Rayon üzrə ümumdaxili məhsul istehsalında qeyri–dövlət sektoru üzrə məhsul istehsalının həcmi 61,8 % olub. 2003–cü illə müqayisədə bu, 31,8 % çoxdur.
Bütün ölkədə olduğu kimi Qazaxda da sahibkarlığın inkişaf etdirilməsi prioritet hesab olunur. Sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması məqsədi ilə rayonda Sahibkarlığa Kömək Milli Fondu hesabına 84 sahibkara heyvandarlığın inkişafına görə 441 min manat kredit verilib. Ümumiyyətlə, banklar tərəfindən bu məqsədlə 762,5 min manat qısa müddətli, 31 min manat isə uzunmüddətli kreditlər verilib.
Rayon üzrə orta aylıq əməkhaqqı 2003–cü ildə 25,7 manat, 2004–cü ildə 46,7 manat, 2005–ci ildə 52 manat, 2006–cı ildə 84 manat və 2007–ci ildə 105 manat olub. Göründüyü kimi, 2007–ci ildə 2003–cü illə müqayisədə orta aylıq əməkhaqqı 4,1 dəfə artıb. Son 3 ildə Qazaxda 4300–dən çox yeni iş yerləri açılıb ki, bunun da 2200–ü daimi iş yerləridir. Təkcə 2007–ci ildə isə 651 yeni iş yeri açılıb ki, bunun da 504–ü daimi iş yerləridir. Perspektivdə rayonda Müalicə Diaqnostika Mərkəzinin, Sement zavodunun və “AzRosPromİnvest” MMC–nin ikinci hissəsinin istifadəyə verilməsi ilə əlaqədar 1100 nəfərlik yeni iş yerlərinin yaranması proqnozlaşdırılır.
İşsizliyə son!!!Son dövrlər Qazaxda rayon əhalisinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılması və Dövlət Proqramına uyğun olaraq işsizliyin aradan qaldırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlər görülüb. Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən bildirdilər ki, 2006–ci ildə 267 nəfər daimi iş yeri ilə təmin olunub. Lakin rayon rəhbərliyi bu rəqəmin olduqca aşağı göstərici olduğunu düşünərək, işsizliyin aradan qaldırılması üçün daha ciddi addımlar atıb. 2007–ci ildə yeni iş yerləri açılıb, əmək yarmarkası təşkil olunub. 2007–ci ildə 417 hüquqi, 1185 nəfər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qeydiyyatda olub. Ötən illərə nisbətən hüquqi şəxslərin sayı 24, fiziki şəxslərin sayı isə 209 nəfər artıb.
Qazax şəhərində və rayonun müxtəlif kəndlərində 30–a yaxın ticarət, iaşə və məişət xidməti obyektləri tikilib istifadəyə verilib. Bu proses 2008–ci ildə də davam etdirilib. Rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması və bu istiqamətdə atılan addımlar əhalinin həyat səviyyəsinin yaxşılaşmasına ciddi təsir göstərir. Qeyri–dövlət sektorunun inkişafı yeni iş yerlərinin açılması, sənayenin ayrı–ayrı sahələrinin və aqrar sektorun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının, emalının gücləndirilməsi məqsədi ilə rayonda son illər yeni müəssisələr yaradılıb. “AzRosPromİnvest” və “AzMosBentonit” şirkətləri gil istehsalı ilə, “Şahnigar” və “İmperial” müəssisələri şərab, kənd təsərrüfatı məhsullarının emalı və konservləşdirilməsi ilə məşğul olurlar.
Tikinti meydançası…

Qazaxda olanda ilk diqqətimi çəkən rayonda aparılan quruculuq işləri, yeni açılan iş yerləri oldu. Rayonda görmək imkanı əldə etdiyim təxminən hər yerdə yeni istifadəyə verilmiş binalara, tikintisi başa çatmamış bir sıra müəssisələrə rast gəldim. Son dövrlər rayonda Olimpiya İdman kompleksi, “AzRosPromİnvest” birgə bentonit istehsalı müəssisəsinin 1–ci xətti, “AzMosBentonit” gil kombinatı, İkinci Şıxlı kəndində Xramçay üzərində uzunluğu 204 m olan yeni körpü, 14 saylı Ərazi Vergilər İdarəsinin Qazax şəhərində yerləşən postTerminalı binası tikilib istifadəyə verilib. Qazax şəhərinin mərkəzində İsmayıl Şıxlının adını daşıyan park salınıb, orada yazıçının əzəmətli heykəli ucaldılıb. “Dilboz” at heykəli yenidən qurularaq ətrafı abadlaşdırılıb. “Dədə Qorqud” abidə kompleksındə yenidənqurma işləri aparılıb, şəhərin mərkəzində olan rus pravoslav kilsəsi bərpa və əsaslı təmir edilib. Ümummilli lider Heydər ƏIiyevin adını daşıyan prospektin hər iki başlanğıcında milli arxitekturalı elementlər tikilib, müasir işıq sistemi quraşdırılıb. Dəmirçilər kəndində 200, Fərəhli kəndində 100 şagird yerlik məktəb binaları, Qazax şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib.Kənd təsərrüfatında davamlı artım
Kənd təsərrüfatı qazaxlıların əsas məşğulluq sahələrindən biridir. Rayon əhalisinin böyük bir qismi əkinçilik və maldarlıqla məşğul olur. Son dövrlər isə bu sahədə daha böyük nailiyyətlərə imza atılıb. Hazırda rayonda kənd təsərrüfatı ilə məşğul olan 1212 nəfər fermer və sahibkar var. Onların 45 nəfəri təkcə ötən il qeydiyyatdan keçib. Dövlət strukturlarının xüsusi nəzarəti ilə 7319 nəfər kəndliyə 380443 manat vəsait verilib ki, bu da onların üzləşdiyi problemlərin həllinə böyük köməklikdir.
Bu ilin ilk 6 ayı ərzində 4871 hektarda erkən yazlıqlar səpilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal – qaranın sayı 936 baş artaraq 28464, xırdabuynuzlular isə 592 baş artaraq 165494 baş olub. Bu da müvafiq olaraq ət istehsalının 23 ton artmasına şərait yaradıb. Digər tərəfdən, süd istehsalı 95, yumurta istehsalı 110 min, yun istehsalı isə 2 ton artıb.
Rayonda üzümçülüyə və meyvə bağlarına münasibət də son dövrlər kökündən dəyişib. Təkcə 2007–ci ildə 31,3 hektar yeni üzüm bağları, 45,5 hektar yeni meyvə bağları salınıb. İstehsal olunmuş üzüm, meyvə və tərəvəz məhsullarının bir hissəsi rayonda fəaliyyət göstərən emal müəssisələri tərəfindən qəbul edilib.

İşıq, qaz,
nəqliyyat, rabitə…

Rayon əhalisinin enerji ilə təminatı üçün müvafiq addımlar atılıb. Görülən tədbirlər nəticəsində hazırda əhalinin böyük əksəriyyəti bu problemdən sığortalanıb. Son iki ildə rayonun Kommuna, Çaylı, Dəmirçilər, Ürkməzli, Alpout və Abbasbəyli kəndlərinə təbii qaz yanacağının verilməsi bərpa edilib. Əhali qrupundan məcburi köçkünlərə 2006–cı ilə nisbətən 803,9 min m³ çox təbii qaz yanacağı verilib. Bu, rayonda məskunlaşmış məcburi köçkünlərin hamısının təbii qaz yanacağı ilə təmin edilməsi ilə əlaqədar olub. Qazax Qaz İstismar idarəsi 8047 abonentə xidmət göstərir. Onlardan 7266–sı güzəştsiz əhali, 781–i isə məcburi köçkünlərdir. Bundan başqa, atəş altında olan sərhədyanı Məzəm kəndində qaz xəttinin çəkilişi başa çatdırılıb, Quşçu Ayrım kəndində isə bu işlər artıq yekunlaşmaq üzrədir. Rayonun digər kəndlərinə, xüsusilə sərhəd kəndlərinə qaz yanacağının verilməsi ilə əlaqədar işlər aparılır. 2008–ci ilin ilk 6 ayı ərzində bu istiqamətdə görülən işlər nəticəsində 4548 metr uzunluğunda xətdə bərpaetmə və tikinti işləri aparılıb.
Əhaliyə elektrik enerjisinin verilməsi məsələsində isə vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Əhalinin fasiləsiz olaraq elektrik enerjisi və qaz yanacağı ilə təmin edilməsi, israfçılığın qarşısının alınması istiqamətində görülən işlər nəticəsində enerji haqqının ödənilməsindən yayınma halları azalıb. Əksinə, sərf olunmuş enerjinin dəyərinin ödənilməsi 49 faiz artaraq 90,8 faiz olub. Doğrudur, soyuq aylarda, xüsusilə qış vaxtlarında əhaliyə elektrik enerjisi müəyyən fasilələrlə verilir. Amma görülən işlər onu deməyə əsas verir ki, bu problem də qısa müddət ərzində tamamilə aradan qaldırılacaq. Buna dövlətimizin imkanları çatır.
Qazağın əksər sakinləri kəndlərdə yaşayır. Buna görə də əhalinin gediş–gəlişində müəyyən problemlər yaranır. Xüsusilə qış mövsümündə bu cür çatışmazlıq və ondan doğan narazılıqlara daha çox rast gəlinir. Amma rayon rəhbərliyi bu sahədəki problemləri aradan qaldırmaq üçün bir sıra addımlar atıb. Əvvəla, rayon əhalisinə növbəli sistem üzrə “Qazax–Sərnişin” və “Qazax Avtovağzal” ATSC–lərinin tabeliyində olan 154 ədəd müxtəlif adda avtobuslarla sərnişin xidməti göstərilir. Ucqar kəndlərə gedən yollar əsaslı təmir olunur, asfalt döşənir. Qazax 27 saylı Yol İstismar İdarəsi hazırda 58 km respublika, 134 km yerli və 44 km şəhərdaxili yollara xidmət göstərir. Təkcə 2007–ci ildə idarə tərəfindən 258,8 min manat dəyərində iş görülüb. 2008–ci ildə görülən işlər nəinki azalmayıb, hətta dəfələrlə artıb.
Əhalinin digər bir problemi – rabitə sistemi isə köklü şəkildə yeniləşdirilib. Hazırda rayon üzrə 2 şəhər və 14 kənd EATS–ləri fəaliyyət göstərir. Hətta sərhəd kəndlərinin sakinləri də harada yaşamasından asılı olmayaraq öz qohum–əqrabaları ilə rahat şəkildə əlaqə saxlaya bilirlər.

Təhsil inkişaf edir və inkişaf etdirir

Qazax Azərbaycanın elm və təhsil mərkəzlərindən biridir desək, yanılmarıq. Hələ sovet dövründə ölkəmizin təhsil sisteminin, elmin inkişafına layiqli töhfələr vermiş Qazax bu gün də bu missiyasını uğurla davam etdirir. Eyni zamanda, dövlətimizin də lazımi dəstəyi bu istiqamətdə uğurlara stimul yaradır. Təkcə 2004–2007–ci illərdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və fondun dəstəyi ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında rayonda təhsilin maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülüb. Qazaxda 6 yeni məktəb binası, 20 yardımçı sinif otağı tikilib, 14 məktəbdə əsaslı təmir işləri aparılıb ki, bu da son 20 il ərzində (1984–2003) bu sahədə görülən işlərdən çoxdur. 2004–cü ildə rayonun ümumtəhsil məktəblərində 1 ədəd də olsun kompüter quraşdırılmadığı halda, hazırda bu istiqamətdə çox böyük sıçrayış qeydə alınıb. 1,2,3 nömrəli, İnternat, İkinci Şıxlı kənd orta məktəbləri ali məktəblərə qəbul nəticələrinin yüksək olması ilə fərqlənir.
Bundan başqa, rayonda Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı fəaliyyət göstəriir. Bu təhsil mərkəzində 420 nəfər tələbənin təlim–tərbiyəsi ilə 65 nəfər müəllim – professor heyəti məşğul olur. Rayonda digər təhsil müəssisə Qazax Dövlət Sosial İqtisad Kollec də fəaliyyət göstərir.
2008–ci ildə də rayonda təhsilin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Hazırda 504 şagird yerlik Ağköynək kənd orta məktəbinin binasının tikintisi, Daş Salahlı kənd 1 saylı orta məktəb binasında isə əsaslı təmir işləri davam edir. 220 şagird yerlik Qaymaqlı kənd orta və eyni sayda şagirdə yuva olan Birinci Şıxlı kənd əsas məktəb binalarının tikintisinə başlanılıb.

Leave a Reply