Qazax Information Center

Yeni WordPress Saytı

Qazax Müalicə-Diaqnostika Mərkəzi ən müasir tələblərə cavab verir

Aprel 13, 2010 1. 431 views By: qazax Category: Qazax İnfo

Qazax Müalicə-Diaqnostika Mərkəzi ən müasir tələblərə cavab verir

Burada həm avadanlıq, həm xidmət, həm də peşəkarlıq yüksək səviyyədədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının uğurla icra olunması nəticəsində Azərbaycanın hər bir bölgəsi tərəqqi edib, iqtisadiyyatın bütün sahələrində sürətli dinamik artım baş verib. İnsanların rifah halının yüksəldilməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına yönələn mühum addımlardan biri də regionlarda Dövlət Neft Şirkətinin maliyyə vəsaiti ilə beynəlxalq standartlara cavab verən səhiyyə obyektlərinin inşa olunmasıdır. Belə müasir tipli səhiyyə ocaqlarından biri də ARDNŞ Sosial İnkişaf İdarəsinin struktur vahidi olan Qazax Müalicə-Diaqnostika Mərkəzidir (MDM).

Bu səhiyyə ocağı Gürcüstanda yaşayan soydaşlarımıza da xidmət edir

Qazax MDM-in baş həkimi Kamandar İbrahimovun bildirdiyinə görə, bu ilin mart ayından qismən, iyun ayından isə tam fəaliyyətə başlayan Mərkəz təkcə Qazax rayonunun sakinlərinə deyil, bütövlükdə ölkəmizin Qərb bölgəsinin əhalisinə, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımıza xidmət göstərir. Burada xəstələr üçün çox vacib və həyati əhəmiyyətli hemodializ şöbəsi ilə yanaşı, digər 6 şöbə də fəaliyyətdədir. Bu gün hemodializ şöbəsində 3 növbədə 59 xəstə seans keçir. Cərrahiyyə şöbəsi də tam gücü ilə işləyir, şöbədə hər gün əməliyyatlar aparılır. Öz fəaliyyətini getdikcə artıran Qazax MDM-də əsasən təcrübəli və peşəkar tibb işçiləri çalışır. “Mərkəzin fəaliyyət dövrü elə çox olmasa da, bu müddətdə stasionarda 40 müxtəlif cərrahiyyə əməliyyatı aparılıb. Konsultativ poliklinika şöbəsində müxtəlif kabinet və laboratoriya xidmətindən ümumilikdə 1228 nəfər yararlanıb. O cümlədən kardioloji kabinetin xidmətindən 110, funksional kabinetin xidmətindən 98, rentgen kabinetinin xidmətindən 400, genekoloji kabinetin xidmətindən 170, laborator müayinə xidmətindən 450 nəfər istifadə edib.”

Qısa arayış

Qazax Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimi 11 oktyabr 2005-ci ildə, açılış mərasimi isə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 23 sentyabr 2008-ci ildə keçirilib. Ümumi sahəsi 2 hektar olan bu müasir səhiyyə ocağı 4 mərtəbəli əsas korpusdan, yardımçı binalar və qurğulardan ibarətdir. Mərkəzdə qəbul, hemodializ, konsultativ poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, həmçinin əməliyyat və ümumi sterilizasiya blokları fəaliyyət göstərir. Mərkəzin hemodializ şöbəsində 10 “süni böyrək” aparatı quraşdırılıb. Bu aparatların vasitəsi ilə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 60 nəfərin seans keçməsi mümkündür. Əməliyyat bloku 4 əməliyyat otağından (2 cərrahi, 1 ginekoloji və 1 oftalmoloji) ibarətdir və otaqların hər birində Almaniyanın istehsalı olan yüksək keyfiyyətli tibbi avadanlıqlar profilə uyğun yeləşdirilib. Mərkəzin şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf (KT) və rentgen aparatları ilə təchiz olunub.

Konsultativ poliklinika şöbəsində USM, Exo.KQ, EKQ, oftalmoloji, uroloji, ginekoloji, LOR, kardioloji, nevroloji, stomatoloji, dermatoveneroloji, allerqoloji, terapevtik, fizioterapevtik və endoskopik kabinetlər yaradılıb. Otaqların hər biri tibbi və mebel avadanlıqları ilə təchiz edilib. Endoskopik kabinetdə Yaponiyanın “Olimpus” şirkətinin istehsalı olan fibroqastroskop və kolonoskopl quraşdırılıb.

Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması üçün lazımi avadanlıqlar yerləşdirilib. Mərkəzdə 260 nəfər daimi işlə təmin edilib.

İlk tibbi yardım burada göstərilir

Suallarımızı öz iş yerində cavablandıran qəbul şöbəsinin müdiri, həkim-terapevt Nəcibə Məmmədova burada cərrahiyyə və travmatoloji kabinetlərin yerləşdiyini diqqətə çatdırdı: “Şöbədə xəstələrin qəbul edilib, operativ həkim müayinəsi aparılması üçün palata yaradılıb. Şöbədə travmatoloji-cərrahi, yüngül əməliyyatlar icra edilir. Mərkəzə gələn xəstələr əvvəlcə qəbul şöbəsinə müraciət edir. Burada biz xəstənin sanitar-gigiyenik vəziyyətini araşdırır, lazımi analizləri götürür, xəstəlik tarixini müəyyənləşdiririk. Xəstəxanada qalması nəzərdə tutulan xəstələri lazımi geyim formaları ilə təmin edirik. Müayinə üçün xəstələr ambulator hissəyə, poliklinikaya üz tuturlar. Konkret ilk tibbi yardıma isə biz müdaxilə edirik. Bu günə qədər şöbəmizdə 20-dən artıq cərrahi əməliyyat həyata keçirilib və onların hamısı uğurla nəticələnib. Bununla yanaşı, 50-yə yaxın kiçik əməliyyat icra edilib. Yeganə çətinliyimiz bizə müraciət edən bəzi xəstələrin özləri ilə şəxsiyyəti təsdiqləyən sənəd gətirməmələridir. Belə xəstələr xüsusən Tovuz, Şəmkir və digər nisbətən uzaq olan rayonlardan gələndə güzəştə gedirik. Qaydaya əsasən, Mərkəzin tibbi xidmətindən yararlanmaq istəyənlər qəbul şöbəsinə mütləq öz şəxsiyyətlərini təsdiqləyən sənəd təqdim etməlidirlər.”

Analar təşəkkür ünvanlayır…

Mərkəzin cərrahiyyə şöbəsinin müdir əvəzi Saleh Orucovun cərrahlıq sahəsində 25 illik təcrübəsi var. Əvvəl Gəncə şəhər Xəstəxanasında, sonra isə Qazax rayon Mərkəzi Xəstəxanasında cərrah işləyib. Bir müddət də rayondakı Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb. O, üzərində əməliyyat apardığı xəstə barədə məlumat verərək bildirdi ki, 5 yaşlı Şəfiqə Eyyubova anadangəlmə irsi xəstəliklə-hər iki ayaq barmaqlarının sayının çoxluğu-polidaktiliya xəstəliyi ilə doğulub. Uşağın normal yeriməsinə əngəl törədən əlavə 6-cı barmaqlar kəsilib götürülüb və hazırda xəstənin ümumi vəziyyəti normaldır. Şəfiqənin anası-Qazax rayonunun Qaymaqlı kənd sakini Nərgiz Eyyubova Mərkəzdə uşağına göstərilən yüksək xidmətə görə tibb işçilərinə öz təşəkkürünü bildirdi.

Ağstafa rayonunun Qarahəsənli kənd sakini Həvva Yusifova da 6 yaşlı övladı Ramin Nəsibovun üzərində aparılan uğurlu cərrahiyyə əməliyyatından məmnun qaldığını söylədi: “Dövlətimizin başçısına ürəkdən sağ ol deyirəm ki, biz sakinlər üçün belə gözəl, yaraşıqlı və hər cür şəraiti olan Müalicə-Diaqnostika Mərkəzi inşa etdirib. Burada çalışan həkim və tibb bacıları öz işlərini yüksək peşəkarlıqla yerinə yetirirlər. Oğlumu əməliyyat edən cərrah Vasif Pirəliyevə və onun timsalında bütün tibb işçilərinə hədsiz dərəcədə minnətdaram.” Yeri gəlmişkən qeyd edək ki, Vasif Pirvəliyev Rusiyanın Sank-Peterburq şəhərində Klinik Aspiranturanı bitirdikdən sonra bir müddət oradakı tanınmış xəstəxanalarda cərrahlıq edib. Tibb elmləri namizədi olan bu gənc Qazaxda müasir tipli MDM-in inşa olunmasından xəbər tutunca sözügedən səhiyyə ocağında çalışmağa qərar verib. Seçimindən olduqca razıdır. Mərkəzdə çalışandan 14-15 cərrahiyyə əməliyyatı aparıb və onların hamısı uğurla başa çatıb.

Həvva Yusifova 9 aylıq övladı Abbasəlinin qulağında anadangəlmə qüsur-hematoma olduğunu, üzərində aparılan əməliyyatın gözlənilən müsbət nəticə verdiyini diqqətə çatdırdı: “Oğlumun şəfa tapmasında xidməti olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm.”

Uşaqların müayinəsi daha ehtiyatla aparılır

Anesteziya-reanimasiya şöbəsinin həkimi Niyazi Qaraquliyev şöbədə quraşdırılan avadanlıqların işində heç bir problem olmadığını, 16 nəfərlik heyətin sutkalıq növbə ilə çalışdığını dedi: “Reanimasiyada xəstə adətən 3 gün saxlanılır, indiyədək hər hansı xoşagəlməz hal baş verməyib”

Şüa-Diaqnostika şöbəsinin həkim-rentgenoloqu Fərhad Nağdəliyev şöbənin bu il aprel ayının 1-dən fəaliyyətdə olduğunu, indiyədək 300-dən artıq xəstənin müayinə edildiyini söylədi: “Əsasən reytroqrad uroqrafiya, salpinqoqrafiya, döş qəfəsinin və həzm sisteminin kontrast müayinələrini, həmçinin böyrəklərin kontrast müayinəsini aparırıq. Xəstələrin yaş həddi müxtəlifdir. Uşaqların müayinəsi tamam fərqli aparılır, onların şüadan qorunması təmin edilir. Yaşlı insanların müayinəsini daha ehtiyatla aparırıq. Müayinələrin hamısı pulsuzdur. Xəstəxanaya qəbul olunmuş xəstələr poliklinika şöbəsindən keçdikdən sonra bizə həkim göndərişi əsasında müraciət edirlər.”

Fərhad Nağdəliyev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1985-ci ildə Səhiyyə Nazirliyində rentgenologiya üzrə 6 aylıq kurs keçib. 1982-2009-cu illərdə Qazax rayon Mərkəzi Xəstəxanasının rentgenologiya şöbəsinə rəhbərlik edib. F.Nağdəliyevlə eyni şöbədə çalışan 4 əməkdaş Mərkəzi Neftçilər Xəstəxanasında müvafiq ixtisasartırma kursu keçib. Laborant Səbinə İbrahimova, tibb bacısı Gülşən Xəlilova, böyük tibb bacısı Nərgiz Cəfərnəcəf üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər.

Hemodializ şöbəsi tam gücü ilə çalışır

Hemodializ şöbəsinin müdiri İlqar Qasımovla da həmsöhbət olduq. Müsahibimizin sözlərinə görə, bu il mart ayının 14-dən 19 xəstə ilə fəaliyyətə başlayan şöbədə hazırda 3 növbə üzrə 60-a yaxın xəstə müalicə alır. Onların yaş həddi 20-69 arasındadır: “Xəstələrimizin əksəriyyəti Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından və Gəncə şəhərindəndir. Bununla yanaşı, Göygöl rayonundan 2, Mingəçevir şəhərindən isə 1 xəstəyə də dializ xidməti göstəririk. Şöbəmizdə 3 həkim, 13 tibb bacısı, 4 sanitar çalışır. Dializ seansına gələnlər tibb bacıları Əsmər Səfərova, Gülnar Hüseynova, Səbinə Budaqova, Məleykə İsmayılova, Aygün Əmrahova, Bahar Orucovanın onlara göstərdikləri tibbi xidmətdən razılıq edirlər.”

Gəncə şəhər sakini, 49 yaşlı Tükəzban Zeynalova da bir neçə ildir ki, “süni böyrək” aparatının müdaxiləsinə məhkumdur. Qazax MDM-də hemodializ şöbəsinin fəaliyyətə başlaması onun səhhəti ilə bağlı qayğılarını xeyli azaldıb. Bizimlə söhbət zamanı tibbi heyətin işindən məmnunluqla söz açdı… Ağstafa rayonunun Köçvəlli kənd sakini, 59 yaşlı Həmid İsmayılov da 5 ildir ki, dializ seansları keçir. İndiyə qədər pullu xidmətdə olub. Burada xidmətin pulsuz və daha yüksək səviyyədə olması isə müsahibimizin ürəyincədir:”Bizim kimi ümidsizlərə ümid, yaşamağa inam bəxş etdiyinə görə ölkəmizin Prezidentinə özümün və ailəmin adından təşəkkürümü bildirirəm. Mənimlə yanaşı, burada müalicə olunan daha 60 dializ xəstəsi də dövlət rəhbərinin bu qayğısından bəhrələnir.”

Qazax şəhər sakini, 60 yaşlı Rafiq Mehdiyev də Həmid İsmayılovun fikirlərinə şərik çıxaraq, həyatlarının ən çətin dönəmində dövlətin onlara qayğısını yüksək qiymətləndirdi: “Artıq yeddinci ildir ki, “süni böyrək” aparatı vasitəsi ilə yaşamağa məhkumam. Əvvəllər dializ seanslarını ayrı-ayrı xəstəxanalarda keçirdim. Bu il mart ayının 14-dən burada dializ olunuram. Özümü sanki hansısa qabaqcıl Avropa klinikalarından birində təsəvvür edirəm. Həm avadanlıq, həm xidmət, həm də peşəkarlıq yüksək səviyyədədir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarıq.”

Leave a Reply