Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Mehdixan Vəkilov

İyul 01, 2010 143 views By: qazax Category: Məşhurlar, Şairlər və Yazıçılar

Mehdixan Yusif ağa oğlu Vəkilov – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı və Respublika Ali Soveti sədrinin müavini, Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1973), tarix elmləri doktoru (1969), professor (1969), birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf Nişanı ordeni.

Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə qoyulmuşdur. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.

Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş yay müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.

1926-1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.

O, 1931-1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934-1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938-1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışmışdır.

II dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti

Mehdixan Vəkilov ikinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuş və 1942-ci ilin may ayına kimi orada “Vətən yolunda” Qızıl Ordu qəzetində (redaktoru Mirzə İbrahimov) və Təbriz ziyalılarının nəşr etdikləri “Azərbaycan” (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist, antifaşist və milli-azadlıq təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

O, 1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.

Mehdixan Vəkilovun müharibə illərində yazdığı Azərbaycan xalqının şanlı mübarizə ənənələrini tərənnüm edən “Cavanşir” romanı, “Anadillər” povesti, “Minin və Pojarski”, “Azərbaycanda mədəniyyətin çiçəklənməsi” kitabçaları xalqda vətənə alovlu məhəbbət, düşmənə nifrət hisslərinin güclənməsində böyük rol oynamışdır.

Pedaqoji və ictimai-siyasi fəaliyyəti

O, 1946-1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris etmişdir. M.Y.Vəkilov 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuş, uzun müddət tarix kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Prof. M.Y.Vəkilov tədris işini böyük məharətlə elmi fəaliyyətlə əlaqələndirməyi bacaran görkəmli alimlərdən idi. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edən M.Y.Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan iyirminci əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olmuşdur. Onun həm ictimai və pedaqoji fəaliyyəti və eləcə də elmi əsərləri sübut edir ki, Mehdixan müəllim nəinki, respublikamızda xalq maarifinin ilk pionerlərindən və təşkilatçılarından, həmçinin də onun tədqiqatçılarından biridir.

Moskva, Kreml, Qranovitaya Palata. Azərbaycan ziyalıları ilə. 1957

13-14 yaşından Səməd Vurğun üçün həm böyük qardaş, həm də valideyn əvəzi, yaradıcılıq yolunda onun fədakar dayağı olmuşdur. Mehdixan müəllim özündən sonra qardaşı haqqında “Ömür dedikləri bir karvan yolu” adlı gözəl bir xatirə kitabı qoyub getmişdir. Qeyd etmək lazımdır ki, Mehdixan müəllim Səməd Vurğunun “Komsomol poemasında” yaratdığı Cəlal obrazının prototipidir. O, 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur.

M.Y.Vəkilovun xidmətləri xalq tərəfindən yüksək qiymətləndirilmişdir. O, birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf nişanı ordeni və bir çox medallarla təltif olunmuş, iki dəfə Respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. M.Y.Vəkilovun 1958-1962-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və Respublika Ali Soveti sədrinin müavini vəzifəsinə seçilmişdir. Əməkdar elm xadimi (1973), Qabaqcil maarif xadimi (1973) kimi yüksək fəxri adlara layiq görülməsi onun əməyinə verilən yüksək qiymətin təzahür idi.

Azərbaycanın məşhur və tanınmış ziyalıları – Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Abdulla Şaiq, Əziz Əliyev, Mirzə İbrahimov, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Xəndan, Əkrəm Cəfər, Sabit Rəhman, Nazim Hacıyev, Şıxəli Qurbanov, Zeynal Xəlil, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Hüseynzadə, İmam Mustafayev, Heydər Hüseynov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Əbdüləzəl Dəmirçizadə, Zülfəli İbrahimov, Yusif Yusifov, Xəlil Əlimirzəyev, Rəhim Sultanov, Mirəli Seyidov, Səlvər Aslanov, Məmməd Qazıyev, Vaqif Vəliyev, Şirməmməd Hüseynov, Seyfəddin Qəndilov, Fərhad Zeynalov, Ömər İsmizadə, Faiq Hacıbəyov, Bülbül, Xan Şuşinski, türk şairi Nazim Hikmət, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, həmkəndlisi Maqsud Şeyxzadə ilə səmimi münasibətləri, 1926-1975-ci illərdə yetişən bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur.

M.Y.Vəkilovun yarım əsrdən artıq elmi-pedaqoji və ictimai fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsi olmuşdur.

Mehdixan Vəkilov 1978-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı 2-ci Fəxri xiyabandadır.

Ailəsi

Mehdixan Vəkilov 1931-ci ildə Qəbələdə müəllimlik edərkən sonralar məşhur heykəltəraş olmuş Fuad Əbdürrəhmanovun xalası qızı Ruqiyyə İbrahim qızı Paşabəyova (1916-2006) ilə ailə qurmuşdur. Qızı Çiçək (1939-2007) bioloq idi, Sevinc (1961) adlı nəvəsi, Leyla (1988) adlı nəticəsi vardır. Oğlu Cavanşir (1951) (hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışır). 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmişdir. Ruqiyyə (1982), Mərziyyə (1984) adlı nəvələri, Novruz (2009) adlı nəticəsi var.
Əsərləri
Minin və Pojarski. Bakı: Azərnəşr, 1941, 2 ç.v.
Cavanşir. Bakı: EA Azf nəşriyyatı, 1941, 2 ç.v.
Cavanşir. Bakı: Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı, 1943, 4 ç.v.
Azərbaycanda mədəniyyətin çiçəklənməsi. Bilik cəmiyyəti, 1955, 2 ç.v.
Ömür dedikləri bir karvan yolu. Bakı: “Yazıçı”, 1986, 10 ç.v.
Anadillər. “Ulduz” jurnalı, N 4, 1991, 1,5 ç.v.
Cavanşir (roman). Bakı: “Gənclik”, 1992, 12 ç.v.
Cavanşir (roman). Təbriz: “Əxtər”, 1383 (2004), 246 səh. (Azərbaycan dilində ərəb əlifbası ilə).
Anadillər” povesti (Azərbaycan dilində, ərəb əlifbası ilə)- türk və fars dillərində dərc olunan “Azəri” (El dili və ədəbiyyatı) jurnalı (red. Behzad Behzadi), Tehran, N 3, bahar 2004, səh. 100-110.
Azərbaycanda mədəni inqilab: 1920-1940-cı illər. Bakı: Əbilov və Zeynalov oğulları nəşriyyatı, 2005, 312 səh.

Bundan əlavə M.Y.Vəkilov 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur.

Leave a Reply