Qazax Information Center

Yeni WordPress Saytı

Mədinə xanım Qiyasbəyli

Sentyabr 26, 2010 589 views By: qazax Category: Fexrlerimiz

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq və ictimai xadim M. Qiyasbəyli 1889-cu ildə Qazax rayonunun Salahlı kəndində anadan olub.

1904-cü ildə Tiflisdə «Müqəddəs Nina» rus qız məktəbini bitirib. 1906-cı ildə Salahlı kəndində ilk rus qız məktəbini açmışdır. Bu, Zaqafqaziyada ilk qız məktəbi olmuşdur. 1918-ci ildə Qazax qəzası kənd məktəblərinin inspektoru işləmişdir. 1919-cu ildə ailə həyatı qurub. İki qızı, bir oğlu olub. 20-ci illərin axırlarında Bakıya köçüb. 1920-26-cı ildə Bakı Qadınlar Pedaqoji Texnikumunun müdiri işləmişdir.Ömrü boyu maarif və mədəniyyətin inkişafina çalışmışdır. Qazax və Gədəbəy bölgələrində məktəb təşkil etmiş. Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir.

Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqpji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. “Şərq qadını” jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur. Tərcüməçilik fəaliyyəti ilə ardıcıl məşğul olmuşdur. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrinə qayğı ilə yanaşmışdır. Rus oxucuları onun tərcüməsi ilə M.S.Ordubadinin “Dumanlı Təbriz”, Əbülhəsənin “Yoxuşlar” romanı ilə tanış olmuşlar.

1930-cu ilin dekabr ayının 8-də 1747 №-li orderə əsasən həbs edilib. 8 sentyabr 1937-ci ilə kimi 12 dəfə dindirilmiş və sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə aşağıdakılar yazılmışdır: «Azərbaycanda Sovet hakimiyyəti hələ bərqərar olmamışdan qabaq Mədinə xanım Qiyasbəyli musavat partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və başqa musavatçılarla sıx əlaqə saxlamışdır. Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra Qiyasbəyli yenə də musavatçı mövqeyində qalıb və qeyri-feodal musavat mərkəzi ilə əlaqə saxlamışdır. Həmin təşkilatın 1927-ci ildə ləğv olunmasından sonra Mədinə xanım Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda gəncləri yığmağa başlamışdır. 1930 – 33-cü illərdə Qiyasbəyli İranda olan musavatçılarla gizli əlaqə saxlamışdır. Həbs olunana kimi Qiyasbəyli əksinqilabi-millətçi təşkilatın üzvləri R.Axundov, B.Çobanzadə ilə əlaqə saxlamış və Sovet Hökuməti ilə mübarizə mövqeyində qalıb. Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı Azərbaycan CM 72 və 73-cü maddələri ilə təqsirləndirilir və 13506 №-li İstintaq işi bitmiş hesab edilsin. Qiyasbəyli Mədinə xanımın işi Azərbaycan XDİK nəzdində olan Xüsusi Üçlüyə verilsin.» Azərbaycan SSR XDİK nəzdindəki Üçlüyün 1937-ci il sentyabrın 26-da keçirilən iclasın protokolundan çıxarış. Eşidildi: Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə təqsirkar sayılan Qiyasbəyli Mədinə Mehdi qızının 13506 №-li cinayət işi. Qərara alındı: Qiyasbəyli Mədinə xanım Mehdi qızı əmlakı müsadirə edilsin, güllələnsin. 13506 №-li cinayət işinin 202-ci vərəqəsindəki aktdan çıxarış: «Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 1.25 dəqiqə yerinə yetirilmişdir. Baş leytenatıt Suxanov». Mədinə xanım Qiyasbəyli haqqında çıxarılmış ədalətsiz hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilmiş və ona Ölümündən iki il sonra bəraət verilmişdir.

Tags: , , , , Mədinə xanım Qiyasbəyli, ,

Leave a Reply