Qazax Information Center

Yeni WordPress Saytı

İşğalçı Erməni təcavüzü

May 07, 2010 1. 941 views By: qazax Category: Qazax İnfo

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

Xüsusi strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir. Yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün düşmən bu kəndin xüsusi işğal planını həyata keçirib. 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə Bağanıs Ayrım kəndi hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Bağanis Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü. İşğal zamanı kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. Təcavüz nəticəsində 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

Sonralar qonşu kəndlər də təcavüzə məruz qaldı və əhalisi boşaldıldı. O günlər bütün qazaxlılar səfərbər olundu, özünümüdafiə dəstələri yaradıb, öz doğma yurdu uğrunda inadla döyüşdülər. Qazax rayonu 263 nəfər şəhid vermişdir. Yüzlərlə dinc əhali və döyüşçü yaralanıb, əlil və şikəst olmuşdur. Bu müqəddəs torpağın igidlərindən 5 nəfəri “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Çətinliklərə baxmayaraq qazaxlılar düşmənin irəliləməsinin qarşısını aldılar. Düşmənlə yaxın təmasda olan bir çox kəndlərin əhalisi müqavimət göstərib öz dədə-baba yurdlarını tərk etmədilər.

Hal-hazırda aşağıdakı kəndlər erməni işğalı altındadır:

Bağanıs Ayrım – 24 mart 1990-cı il,
Xeyrımlı – 8 mart 1992-ci il,
Barxudarlı və Sofulu – 27 aprel 1992-ci il,
Yuxan Əskipara – 8 iyun 1992-ci il,
Qızıl Hacılı – 11 iyun 1992-ci il,
Aşağı Əskipara – 14 iyun 1992-ci il.


Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan bu kəndlərin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. İndi isə bu kəndlərdən olan 7 mindən çox insan Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıb və məcburi köçkün həyatı yaşayırlar.Ermənilərin ərazilərimizə qarşı təcavüzü indi də davam edir. Sərhəd kəndlər daim atəşə tutulur. Qazax rayonunun işğal olunmuş ərazilərində təbii sərvətlər qəddarlıqla dağıdılır. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçıları və orada yaşayan erməni əhalisi tərəfindən qırılaraq daşınır.Meşələrin qırılması nəticəsində həmin ərazilərdə torpaqlar eroziyaya uğramağa başlamış və mənbəyini həmin meşələrdən götürən bulaqlar qurumuş. İşğal altında olan meşə sahələrində fauna növləri – cüyür, qaban və başqa heyvanlar erməni silahlı qüvvələri tərəfindən ovlanaraq, həmçinin keçidlərdə qoyulmuş minalara düşərək məhv edilmişdir.Ermənistanda yerləşən müxtəlif sənaye müəssisələrinin sənaye və məişət çirkab suları Ağstafaçay su dəryaçasını qidalandıran çaya axıdılır. İşğal zonasında tarixi abidələr, qəbiristanlıqlar dağıdılır və məhv edilir.Ermənilər Qazax rayonuna çox ziyanlar vurub. Amma Qazax yaşayır, inkişaf edir və heç bir şübhə yoxdur ki, nankor, duz-çörək itirən qonşularımız heç nəyə nail ola bilməyəcəklər. Bir gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və erməni işğalçıları öz əməllərinə görə tam cavab verəcəklər.

Tags: Aşağı Əskipara - 14 iyun 1992-ci il., , Barxudarlı və Sofulu - 27 aprel 1992-ci il, , , , Yuxan Əskipara - 8 iyun 1992-ci il

Leave a Reply