Qazax Information Center

Yeni WordPress Saytı

Isa Abdullayev

İyul 29, 2010 127 views By: qazax Category: Fexrlerimiz

Abdullayev İsa Mədəd oğlu 1945-ci il, aprel ayının 12-də Azərbaycan SSR-in Qazax rayonunun I Şıxlı kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Neft və Kimya İnsitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş, 1968-ci ildə Lenin təqaüdçüsü olaraq institutu “Avtomatika və telemexanika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.  Əmək fəaliyyətinə 1963-cü ildə M.Kalinin adına “Teleaparatura və avtomatika cihazları” zavodunda çilingər kimi başlamış, institutu bitirdikdən sonra rəhbərliyin qərarı ilə institutda saxlanmış və gənc mütəxəssis kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər bu mötəbər elm və tadris ocaqında çalışmış, laborant kimi başlayaraq fakültə dekanı, kafedra müdiri kimi vəzifələrə yüksəlmiş, sevimli insitutunun-universitetinin-akademiyasının inkişafı üçün əlindən gələni etmişdir. 1973-cü ildə aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə etmiş və həmin ilin dekabr ayında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1979-1980-ci illərdə ABŞ-ın Pensilvaniya Universitetində Fulbrayt fondunun təsis etdiyi IREX (Beynəlxalq elmi tədqiqatlar mübadiləsi) proqramı üzrə, 1986-87-ci illərdə isə ÇXR-in Xarbin Texniki Universitetində xarici həmkarları ilə elmi tədqiqat işləri aparmışdır. Elə həmin dövrdə “Asinxron mühərriklərin keyfiyyətinə nəzarətin və diaqnostikasının avtomatlaşdırılması” adlı monoqrafiyası Moskvadakı nüfuzlu “Enerqoatomizdat” nəşriyyatında çap olunmuşdur. 1991-ci ildə “Avtomatika, telemexanika və elektronika” kafedrasının müdiri vəzifəsinə seçilmiş, 1992-ci ildə “İnformasiya-ölçmə sistemləri” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək  1993-cü ildə professor elmi adı almışdır. 1993-cü ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin Elmi Şurası tərəfindən fakültə dekanı seçilmişdir. Dekan vəzifəsində çalışdığı müddətdə kafedradakı fəaliyyətini professor və “Avtomatikanın lokal sistemləri” problem laboratoriyasının elmi rəhbəri olaraq davam etdirmişdir. 2000-ci ilin yayında Azərbaycan Dövlət Neft Akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin ortaq həyata keçirdiyi MBA proqramı üzrə Atlanta şəhərindəki Corciya Dövlət Universitetinin C.Robinson Kollecində təkmilləşmə keçmiş və sertifikat alaraq Bakıya döndükdən sonra “Korporativ maliyyə” və “İdarəetmə mühasibatı” fənləri üzrə tədris haqqı qazanmışdır. 2000-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. 1998-ci ildən ömrünün sonuna qədər “Dənəvər materialların parametrlərinə nəzarət və idarəetmə” üzrə Beynəlxalq Federasiyanın (ÇXR) Rəyasət Heyətinin üzvü, müvafiq konfransların Beynəlxalq proqram komitəsinin üzvü olmuşdur. 1999-cu ildə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. AMEA-nın Kibernetika institutu nəzdində fəaliyyət göstərən dissertasiya Şurasının üzvü kimi namizədlik və doktorluq dissertasiyalarının müdafiələrındə fəal iştirak etmişdir. 2003-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Neft Akedemiyasının “Biotexniki və tibbi cihazlar” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Elmi-təhbərlik fəaliyyəti və nəzəri-elmi nəticələri

İsa Abdullayevin elmi-pedaqoji fəaliyyətinin nəticələri 150-dən çox elmi əsər, 26 müəlliflik şəhadətnaməsi, 3 monoqrafiya və 5 dərs vəsaitində öz əksini tapmışdır. Onun rəhbərliyi altında 21 elmlər namizədi hazırlanmışdır.

İ.M.Abdullayev informatika və avtomatlaşdırma sahəsində aparıcı alimlərdən biri olmuş, informasiya-ölçmə sistemlərinin optimallaşdırılması, siqnalların rəqəmli emalı və təshihedici süzülməsi, diskret istehsalda sənaye sınaqlarının və məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması sahəsində əldə etdiyi nəticələrlə elmi dairələrdə böyük nüfuz və hörmət qazanmışdır.

İ.M.Abdullayev kompüter texnikasının informasiya-ölçmə vasitələrində geniş tətbiqi və bunun əsasında müasir ölçmə-hesablama sistemlərinin yaradılması sahəsində tədqiqat aparmış ilk alımlərdən biri olmuşdur.

İ.M Abdullayevin nəzəri elmi nəticələri aşağıdakı istiqamətləri əhatə etmişdir:

– informasiya-ölçmə sistemlərinin optimallaşdırılması;

– siqnalların rəqəmli emalı;

– ölçmə informasiyasının təshihedici süzülməsi;

– sənaye sınaqlarının və elmi eksperimentin avtomatlaşdırılması;

– diskret istehsalda məhsulun keyfiyyətinə nəzarət və diaqnostika.

İnformasiya-ölçmə sistemlərinin optimallaşdırılmasına ilk dəfə olaraq kompleks yanaşma təklif edilmiş, bu sistemlərin dolğun struktur-metroloji modelləri yaradılmış, ilk dəfə olaraq səmərəli və əhatəli optimal parametrik sintez metodları işlənmişdir.

Siqnalların emalı üsullarının səmərəsinin artırılması və onların məhdud hesablama gücü (mikroprosessor texnikasına rəğmən) əsasında reallaşdırılması üçün orijinal bazis funksiyaları işlənmiş, spektral və korrelyasiya analizi alqoritmləri təklif olunaraq əsaslandırılmışdır.

Rəqəmli ölçmələr zamanı informasiyanın təshihedici süzülməsi əsasında dəqiqliyin artırılması probleminin həllinə ilk dəfə olaraq kompleks nəzəri yanaşma təklif edilmiş, xətaların müxtəlif tezlikli mürəkkəbələrinin effektiv söndürülməsi üçün optimal süzgəclər sintez olunmuşdur. Bu istiqamətdə alınmış nəzəri nəticələr analoq kəmiyyətlərinin rəqəmli ölçmələri üçün aşağıdakı yeni üsulların təklif edilib müəlliflik şəhadətnamələri ilə müdafiə olunmasına imkan yaratmışdır:

1)     Способ цифрового измерения аналоговых величин, Авторское свидетельство №1422168 (СССР);

2)     Способ измерения аналоговой величины, Авторское свидетельство №1651220 (СССР);

3)     Способ измерения аналоговой величины с коррекцией результата, Авторское свидетельство №1672563 (СССР);

4)     Способ аналого-цифрового преобразования, Авторское свидетельство №1809529 (СССР);

5)     Способ измерения аналогового сигнала, Авторское свидетельство №1725145 (СССР).

Sənaye sınaqlarının və elmi eksperimentin avtomatlaşdırılması sistemlərinin paylanmış optimal strukturları təklif olunmuş və belə sistemlərdə informasiya mübadiləsinin metroloji effeklivliyinin artırılması üsulları işlənib hazırlanmışdır.

Sənayenin aparıcı sahələrindən biri olan elektrotexnika (elektrik maşınqayırma) sənayesində istehsal olunan məhsulların keyfiyyətinin idarə olunması üçün avtomatlaşdırılmış sınaq-diaqnostika sistemlərinin layihə olunması və yaradılmasının nəzəri problemləri işlənmişdir. Ilk dəfə olaraq sınaq-diaqnostika informasiyasının işlənməsi əsasında texnoloji prosesin (avadanlığın) cari vəziyyətinin təyini və aşılanmasının proqnozu üçün səmərəli statistik üsullar təklif edilmişdir. Qeyd olunan sistemlərdə qeyri-səlis çoxluaqlar nəzəriyyəsinin istifadəsi əsasında sınaq-diaqnostika prosesinin səmərəliliyinin və səhihliyinin artırılmasıyla bağlı alınmış nəticələr ICAFS-94 (Təbriz), ICAFS-96 (Zigen, Almaniya), ICAFS-98 (Visbaden, Almaniya) və ICAFS-2000 (Zigen, Almaniya) Beynəlxalq konfranslarında təqdir olunmuşdur.

Elmi nəticələrinin tətbiqi və  səmərəsi

Professor İ.M.Abdullayevin elmi araşdırmalarının nəticələrinin əsas tətbi sahələri elektroenergetika və elektrik maşınqayırma olmuşdur.

Yeni informasiya texnologiyasının tətbiqi ilə bu sənaye sahələrinin avtomatlaşdırılması külli miqdarda sosial-iqtisadi səmərə vermişdir. Onun rəhbərliyi ilə yaradılmış və asinxron mühərriklərin kütləvi istehsalında keyfiyyətə nəzarət və diaqnostikanın avtomatlaşdırılmış sistemlər ailəsi “Test-1”, “Test-2”, “Test-3” və “Test-3M” keçmiş ittifaqın elektrotexnika sənayesində (Bakı, Vladimir və Yaroslavl elektrik maşınqayırma zavodlarında) və Bakı məişət kondisionerləri birliyində tətbiqat tapmışdır. Buraxılan məhsulların keyfiyyətinin idarə olunması, texnoloji avadanlığın etibarlılığının artırılması və səmərəli istismarı hesabına “Test-2” sisteminin orta gücə malik olan zavodda tatbiqinin illik iqtisadi səmərəsi 100 min rubldan (80-ci illərin pul vahidində) çox olmuş və sistem SSRİ Elektrotexnika Nazirliyinin Dövlət Komissiyası tərəfindən kütləvi istehsala və tətbiqə tövsiyyə edilmişdir. “Test-3” sistemi SSRİ xalq təsərrüfatının nailiyyətləri sərgisində gümüş medala layiq görülmüşdür.

Mexanikləşdirilmiş neftçıxarmada tətbiq olunan dərinlik elektrik mühərriklərinin təmirdən sonrakı təhvilk-təslim sınaqlarının avtomatik qurğusu “AzNEFT” istehsalat birliyində tətbiq olunmuşdur.

Siqnalların təshihedici süzülməsi əsasında qurulmuş çoxnöqtəli informasiya-ölçmə sistemi vakkuum kameralarının sınağı üçün yaradılmış xüsusi təyinatlı unikal təcrübə stendində tətbiq edilmişdir. Bəzi nəticələr – təshihedici süzülmə üsulları, spektral analiz alqoritmləri və sənayedə tətbiq olunan sistemlərin orijinal proqram vasitələri Azərbaycan Dövlət Neft Akademiyasının, Xarbin Texniki Yniversitetinin (ÇXR) tədris prosesində tətbiqat tapmışdır.

Leave a Reply