Qazax Information Center

Yeni WordPress Saytı

“Yeddi oğul istərəm”

İyun 05, 2010 933 views By: qazax Category: Qazax İnfo

Film xalq şairi Səməd Vurğunun “Komsomol Poeması”nın motivləri əsasında çəkilmişdir.

Əsərin Müəllifi : Səməd Vurğun
Ssenari Müəllifi : Yusif Səmədoğlu
Quruluşçu Rejissor : Tofiq Tağızadə
Quruluşçu Operator : Rasim İsmayılov

Bu il Azərbaycan kinosunun şedevrlərindən biri, qızıl hərflərlə fonda daxil olan “Yeddi oğul istərəm” filminin yaranmasından 40 il ötür.

… Ayazlı, şaxtalı bir qış axşamı yeddi oğul yeddi qardaş olub yola düzəlir. Yenicə qurulmuş Sovet hökumətini kəndlərdə möhkəmləndirmək üçün. Ayazlı, şaxtalı həmin qış axşamı ay dediyimiz göylərin şamı o qarlı düzlərə baxıb yanırdı. Yolçular getdikcə yol uzanırdı. Nəhayət, yolçular, uzandıqca uzanan o yolu qət edirlər. Gəlib çıxırlar Peykanlıya. Adət-ənənəsi, gözəl təbiəti, qonağından isti fətirini, qatığını əsirgəməyən camaatı ilə tanınan Peykanlıya. Və başlayırlar Sarı Şəmistanın tapşırığını yerinə yetirməyə.

Sarı Şəmistan tarixi şəxsiyyət olub

Sarı Şəmistan obrazını çoxları şairin bədii təxəyyülündən yaranmış surət kimi qəbul edir. Onun tarixi şəxsiyyət olmasını bilənlər indi də çox azdır. El-obada Sarı Şəmistan adı ilə məşhur olmuş Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. Hələ 1918-ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb.

Lakin 1937-ci ilin qara günləri mərd komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçilik fəaliyyətinə görə birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır – X.M) “vətən xaini”nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilir.

Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı “bezprizorniklər” saxlanan koloniyaya göndərirlər.

Humay Xavər xanımın nənəsinin adı olub

Böyük yazıçı Səməd Vurğunun “Komsomol” poemasında əsas qəhrəmanların sayının yeddi olması yəqin ki bu rəqəmin müqəddəsliklərindən qaynaqlanırdı. Şair bu poeması üzərində çalışarkən çox sevdiyi Xavər xanımla nişanlı idi. Xavərin isə onda cəmi 14 yaşı vardı. Günün çox hissəsini nişanlısıgildə keçirərdi şair. Ona görə də poemasının çox hissəsini orada yazardı. Yazdığı hər kəlməni isə sevdiyinə oxuyardı mütləq. Onun fikrini öyrənər, gənclərin bu poemanı sevə biləcəklərilə, onlara necə təsir edəcəyi ilə maraqlanardı.

Əsərdəki oğulların son beşiyi Cəlalın istəklisi, yolunda ölümə belə gedə biləcəyi sevgilisinə ad seçmək isə heç də çətin olmamışdı şair üçün. Həmin vaxtlar onun üçün ən müqəddəs hesab olunan yerdə, getməyi çox sevdiyi məkanda, isti ocaqda – nişanlısının evində tez-tez eşitdiyi bir ad vardı. Qulağına çox şirin gəlirdi bu ad. Lirik bir nəğmə kimi. Müqəddəs hesab edirdi Humay adını. Sevimli Xavərinin nənəsinin adı idi Humay. Xəyallarında canlandırdığı, fikrində yaratdığı əsər qəhrəmanına da bundan başqa ad yaraşdıra bilmirdi. Elə buna görə də Səməd Vurğun Cəlalsız həyatının mənasını itirən, o təmiz, pak qəhrəmanına – yeddi oğulun bircə qız gəlininə Humay adı verir.

Humay Xavər xanımın bacısı qızının da olub. Cənubi Azərbaycana ərə gedib. Lakin sərhədlər bağlandıqdan sonra doğma vətəninə qayıda bilməyib.

Film Kamil Rüstəmbəyovdan alınıb Tofiq Tağızadəyə verilir

“Yeddi oğul istərəm” filminə məşhur rejissor Tofiq Tağızadə 1970-ci ildə quruluş verib. Ssenarisini isə Yusif Səmədoğlu Səməd Vurğunun “Komsomol” poeması əsasında yazıb. Filmin operatoru Rasim İsmayılov, rəssamı Nadir Zeynalov, bəstəkarı Xəyyam Mirzəzadədir. Onu da qeyd edək ki, filmi əslində rejissor Kamil Rüstəmbəyov çəkməliymiş. Hətta sınaq çəkilişləri həyata keçirilmiş, aktyorlar seçilmişdilər belə. Lakin sonradan heç kimə məlum olmayan səbəblərdən film Kamil Rüstəmbəyovdan alınıb Tofiq Tağızadəyə verilir. Filmdə o zamanın və indinin də qaymaqları hesab olunan aktyorlar çəkilib. İsmayıl Osmanlı, Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Elçin Məmmədov, Rafiq Əzimov, Hamlet Xanızadə…

Məhz bu cür aktyorların seçilərək bir araya gətirilməsi ən kiçik texniki işçisindən tutmuş peşəkar yaradıcı heyətinə qədər hər biri filmin yüksək səviyyədə alınması üçün tələb olunan əsas şərtlərdən idi. Zahirən film zamanın, quruluşun tələblərinə uyğun olaraq, Sovet ideologiyasını təbliğ və mədh edir. Film elə də çəkilməli idi. Moskvada təsdiq olunsun, Bədii Şuradan keçsin və ekranlara çıxsın deyə. Əslində isə filmin bütün yaradıcı heyəti qəhrəmanlarının sətiraltı fikirləri, jestləri, replikaları ilə Azərbaycan bəylinin, kişiliyinin qürurunu, dönməzliyini qoruyub saxlaya və tamaşaçıya çatdıra bilmişdi.

Bəxtiyarın (Həsən Məmmədov) Peykanlıda “bir kişi var, ya yox” sualının özündə də bir ikibaşlı məna vardı. Əslində o, bu sözlərlə Peykanlı camaatının kişiliyinə şübhə etmirdi, onları davaya çağırmırdı. O, bu sözlərlə adət-ənənələrimizin unudula biləcəyinə, mənəviyyatsızlığın baş alıb gedəcəyinə, böyüyə, ağsaqqala, valideynə hörmətin azalacağına işarə edirdi. Gələcəkdə gözlənilən bu fəlakətlərin qarşısını almaq məqsədilə göndərilmişdi bu şəxs.

Atasının beşiyi başında çaldırdığı “Yanıq Kərəmi”nin sədaları altında böyüyən Cəlal (Ənvər Həsənov) elə o musiqinin sədaları altında da arzusuna çatmadan, vüsalına, kamına yetmədən canından çox sevdiyi, uğrunda ölümə getdiyi Humayına qovuşmadan haqq dünyasına qovuşur. Çəkiliş zamanı Ənvər Həsənov üçün ən çətin səhnə məhz Cəlalın ölüm səhnəsi idi. Həm fiziki, həm də mənəvi cəhətdən çətin olan bu səhnədəki hər kadr 3-4 dubl çəkilirdi. Cəlalın ölümündən sonra isə Humayın (Zemfira İsmayılova) faciəsi başlanır. Hamıdan çox istədiyi Cəlalın – son beşiyin ölümü başçı Bəxtiyarı da yandırır. O, bunun günahını əslində heç bir qəbahəti olmayan Humayda görür. Və ürəyini bu təmiz, saf qızı döyməklə soyutmağa çalışır. Əslində Bəxtiyarın xasiyyətinə yad olan bu hərəkət bir cavanın vaxtsız ölümü ilə barışmamağından, təəssüfdən, yanğıdan irəli gəlirdi.

Komsomol Bəxtiyara qoşulanlar sırasında bir Uzun Qasım (Əbdül Mahmudov) da vardı. Əslində Uzun Qasım kəndə teatr çıxartmağa gəlmişdi. Yoxsa vurub-yıxmaq, qan tökmək, adam öldürmək onluq deyildi. Özü də mili əsəri səhnələşdirirdi – “Ölülər”i. Özü də kefli İsgəndər rolundaydı. Çox sevirdi bu rolu. “Allah sizə rəhmət etsin, ölülər” kəlamını elə deyirdi ki, elə bil o dünyadan gəlmişdi. Amma o dünyaya gedəndə dediyi son sözlər də bunlar olur – “Allah sizə rəhmət etsin, ölülər”.

Yeddi oğulun arasında Qəzənfər əmi (Şahmar Ələkbərov) də vardı. Digər dostları ilə birlikdə Qəqənini də (Fərhad İsrafilov) çox sevirdi. Ona nişan almağı, güllə atmağı öyrədirdi. Çox hallarda gülləsi boşa çıxan Qəqəni sonda düz nişan ala bilir və Qəzənfər əmisinin qatilini öldürür.

Bir Mirpaşaları da (Elçin Məmmədov) vardı komsomolların. Həm boy-buxunu, zarafatı, həm də uşaq dəcəlliyi, sözü çəkinmədən üzə deməyi ilə seçilirdi. Allahsız deyərdilər Mirpaşaya. Axı görülməz bir iş tutmuşdu – iti məscidə bağlamışdı. Həyatda isə Mirpaşa – Elçin Məmmədov yaratdığı obrazdan tamam fərqlənirdi. Əslində o böyük Allahımızı çox sevir, namaz qılır, Quranı mütaliə edirdi.

Və bir də Şahsuvar (Rafiq Əzimov), Zalımoğlu (Ələsgər İbrahimov) vardı sıralarında. Onlar da sinfi düşmənlərə qarşı əqidə dostları ilə birgə çarpışır, maneələrə, təzyiqlərə baxmadan, yorulmadan qələbəyə doğru irəliləyirdilər. Zalımoğlunun – Ələsgər İbrahimovun ən çox sevdiyi və qorxduğu at minmək idi. Ona görə də kadrlarda yeddi oğulun hamısından axırda o gəlirdi. Çox vaxt isə at çapmaq səhnələrində Zalımoğluna çox bənzəyən mehtərlərdən birindən dublyor kimi istifadə olunurdu.

Oğulları çox istəyirdi Bəxtiyar. Onların hamısını itirmək çox ağır idi. Bu ağrıya dözmək çətin idi onun üçün. Bütün olub keçənləri beynində götür-qoy edərək, bundan sonra nə edəcəyi barədə düşünərək pilləkəndə tək oturub siqaret çəkir. Sonra isə bir-bir çıxarıb oğulların komsomol biletlərinə baxır. Hər iki səhnə Bəxtiyarın – Həsən Məmmədovun filmə öz əlavəsi olub.

Mərdlik, bəylik və kişilik simvolu

Peykanlı camaatının əsl kişiliyini, mərdliyinin və qeyrətinin bariz nümunəsi isə Gəray bəy (Həsənağa Turabov) idi. Onda cəmlənmişdi bütün bu xüsusiyyətlər. Ona məxsus olan malı, təsərrüfatı sovetə vermək istəməməsi kişilikdən irəli gəlirdi. Bütün ailəsini, var-dövlətini kənddə qoyub komsomollarla mübarizə aparmaq üçün Qançanağına qalxması belə kişilik, bəylik rəmzi idi. Artıq komsomollarla açıq mübarizəyə girmək üçün Peykanlıya qayıtması da bu xüsusiyyətdən irəli gəlirdi.

Gözünün ağı-qarası bircə qızının bədbəxtliyinə göz yumub, axıtdığı göz yaşlarına belə məhəl qoymadan onu öz sevdiyindən məhz barışa bilmədiyi cəmiyyətin nümayəndəsi -komsomol olduğu üçün ayırır. “Gecələr qızımla bir yastığa baş qoyub, söy mənim qəbrimə”, – deyən Gəray bəy özünə təhqir hesab etdiyi, faciə bildiyi o günü görməmək üçün ən yaxın dostu olan Şəkər bəyin oğlunu güllələtdirir və bunu bədxah əməllər sahibi olan Kələntərin (İsmayıl Osmanlı) əlilə edir. Dostunun oğluna güllə atmağa özünün əli qalxmır. Sonda isə onun ağrı-acısına dözmür və… Gəray bəy onu da bağışlaya bilmir ki, uzun illərin sadiq dostu olduğu. sirlərini, kədərlərini, sevinclərini birgə paylaşdığı əziz dostu Şəkər bəyin yeganə oğlu atasının tutduğu yoldan, əqidədən üz döndərir. Gəray bu hərəkəti ilə dostuna olan sədaqətini də göstərir. Azərbaycan kişisinin kəsdiyi duz çörəyə hörməti, dosta sadiqliyi bu obrazla tərənnüm olunur.

Film bəyliyin, zadəganlığın təntənəsi ilə bitir. Bəylər bəyi Gəray bəy özü öz alnına güllə çaxır. Belə də olmalıydı. Belə olmasaydı, Gəray bəy Bəxtiyarın gülləsi ilə öləcəkdi. Bu isə onun bəyliyinə, bəyzadəliyinə yaraşmazdı. Onun bu hərəkəti bəyliyinin, kişiliyinin son sübutu oldu.

… İndi Azərbaycan kinosunun yeddi oğlundan üçü həyatdadır, bizimlədir. Dördü isə artıq həyatda yoxdur, haqq dünyasına qovuşublar. Amma onlar ölməzdirlər. Çünki Azərbaycan kinosu, Azərbaycan incəsənəti adlı binanın sütunlarındandırlar. Azərbaycan kinosu, incəsənəti durduqca isə onlar da yaşayacaqlar. Filmlərində, yaratdığı obrazlarda, xalqın qəlbində…

“M Ə D Ə N İ Y Y Ə T” www.lent.az

Leave a Reply